Şəxsi həyatın toxunulmazlığı — Avraam Berman

İnsanın əmək, xidməti və ictimai fəaliyyətindən kənarda olan hər şey onun şəxsi həyatına aiddir. Bu halda insanın şəxsi həyatı hüquqazidd xarakter daşımadıqda dövlət və cəmiyyət ona müdaxilə etmək hüququna malik deyildir. Müvafiq olaraq, şəxsi həyatın toxunulmazlığına Azərbaycan Respublikasının Konstitusiyası zəmanət verir. Əsas qanun şəxsi və ailə sirrinin mühafizəsinə də təminat verir. Heç kəs başqasının şəxsi həyatı haqqında məlumat toplamaq, saxlamaq, yaymaq hüququna malik deyildir.

Şəxsi və ya ailə sirri insanın qəti şəkildə heç kimlə paylaşmaq istəmədiyi hər hansı bir informasiyadır: sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar, şəxsi və ya ailə münasibətləri, baxışlar, inanclar, fotoşəkillər, videolar, sənədlər, vəkilə müraciət. Bir sözlə, insanın özü barədə gizli hesab etdiyi hər şey başqaları üçün sirr olmalıdır. Qeyd etmək lazımdır ki, məlumatların insan razılığı olmadan qeyri-qanuni toplanması qadağandır. Deyək ki, sizin şəxsi gündəliyiniz vardır və kimsə razılığınız olmadan onu oxuyur, yaxud evinizdə olan fotoşəkillərə baxır, bu da şəxsi həyatınıza müdaxilə hesab edilə bilər. Burada, həmçinin qeyd-şərt etmək lazımdır, əgər bu məlumatlar artıq dərc olunubsa, onlar sirr olmayacaqdır. İnsanlar çox tez-tez, bilmədən başqasının şəxsi xarakterli fotoşəkillərindən istifadə edir və internetdə yerləşdirirlər. Onlar buna görə cinayət və mülki-hüquqi məsuliyyət daşıdıqlarının fərqində deyillər.

Ölkəmizdə mənəvi zərərə görə kompensasiya almaq mümkündür. Mənəvi ziyan dedikdə, insanın çəkdiyi mənəvi əzab və psixoloji sarsıntılar nəzərdə tutulur. Mənəvi zərərin kompensasiyası pul şəklində hesablanır. Bu zaman zərərçəkmiş şəxsin şəxsiyyəti, yaşı, sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Məsələn, bir şəxsin sirrinin sosial şəbəkədə yaydığıma görə bir neçə min istifadəçi bunu izləyə bilər və ya bu haqda sadəcə iki qonşuya məlumat verə bilərəm. Gördüyünüz kimi, izləmə sayına görə fərq əhəmiyyətlidir və bu, kompensasiyanın miqdarı müəyyənləşdirilərkən nəzərə alınmalıdır.